Menu Close

NAFTALAN  BALZAMININ  OSTEOARTROZLU XƏSTƏLƏRDƏ HƏYAT KEYFİYYƏTİ GÖSTƏRİCİLƏRİNƏ TƏSİRİ

NAFTALAN  BALZAMININ  OSTEOARTROZLU XƏSTƏLƏRDƏ HƏYAT KEYFİYYƏTİ GÖSTƏRİCİLƏRİNƏ TƏSİRİ

S.S.KƏRİMOVA, G.H.HƏSƏNOVA, L.B.NƏBİYEVA, X.İ.CƏFƏROVA, G.H.ƏSƏDOVA, S.N.BABAYEVA
Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Bakı

РЕЗЮМЕ

ВЛИЯНИЕ НАФТАЛАНОВОГО БАЛЬЗАМА НА КАЧЕСТВО ЖИЗНИ БОЛЬНЫХ ОСТЕОАРТРОЗОМ

С.С.КЕРИМОВА, Г.Г.ГАСАНОВА, Л.Б.НАБИЕВА, Х.И.ДЖАФАРОВА, Г.ГАСАДОВА, С.Н.БАБАЕВА

 У 40 больных остеоартрозом изучено влияния комплексного применения бальзама нафталана на клиническое течение болезни, интенсивность болевого синдрома. Для оценки качества жизни использовался опросник SF 36 (Ware JE, 1993); функцинальное состояние суставов определяли по индексу Лекена. Проводимая терапия оказало положительное влияние на основные параметры качества жизни и на функциональное состояние суставов. Более выраженный эффект наблюдался под влиянием бальзама нафталана.

SUMMARY

İNFLUENCE OF NAPHTALAN BALSAM ON THE QUALİTY OF LİFE OF THE PATİENTS WITH OSTEOARTROSIS

S.S.KARİMOVA, G.H.HASANOVA, L.B.NABİYEVA, X.İ.JAFAROVA, G.H.ASADOVA, S.N.BABAYEVA

Influences of complex application of Naphtalan balsam for clinical diseasecourse, pain sindrome intensity for evaluation of quality of life was used opinion poll SF 36 (Ware JE, 1993); functional condition of joints was defined by Leken index. The research was conducted on 40 patients. AS result was determine that conducting therapy has a good influence on the main parameters of patients quality of life and functional condition of joints.

In this treatment ascension of functional joint indicators, clinical effect was determined under of Naphtalan balsam.

İşin məqsədi
Yeni üsulla hazırlanmış naftalan balzamının osteartrozlu xəstələrin müalicəsində effektivliyinin öyrənilməsidir.

Material və metodlar
Müşahidə ARA-nın təqdim etdiyi kriteriyalara əsasən 40 osteoartrozlu xəstə üzərində aparılmışdır. Günün ikinci yarısında və gecə başlayan ağrılar, ağrıların mexaniki gərginlikdən sonra artması və sakitlik zamanı azalması, həmçinin osteoartrozun rentgenoloji əlamətləri, oynaq yarığının daralması, osteofitlər  əsas kriteriyaları təşkil etmişdir.

Xəstələrin orta yaş həddi 50,1±2,7 il xəstəliyin davametmə müddəti isə 6,7+3,1 il olmuşdur. Müayinə aparılanlar arasında qadınlar üstünlük təşkil etmişdir (40 xəstədən 30 nəfəri). Kellqren və Lawrens təsnifatına görə zədələnmiş diz oynaqlarında 10 xəstədə 0-I rentgenoloji mərhələ, 25 xəstədə II rentgenolojı mərhələ, 5 xəstədə isə III rentgenoloji mərhələ ayırd edilmişdir. 25 xəstədə qonartroz, 15 xəstədə koksartroz diaqnozu təsdiq edilmişdir. Kliniki müayinələr zamanı xəstədən 8 nəfərində zədələnmiş diz oynağında ağrı ilə yanaşı reaktiv sinovit üçün xarakterik olan şişkinlik, oynağın defiqurasiyası müşahidə olunmuşdur. 12 xəstədə 5-15° varus deformasiyası aşkarlanmışdır; Funksinoal çatışmazlıq I – 20 xəstədə; II – 15 xəstədə; III – 5 nəfərdə qeyd edilmişdir. Tətbiq olunan müalicə metodlarına görə xəstələr 2 qrupa bölünmüşdür; I qrup xəstələr (20 xəstə) institutun həyətindən çıxan naftalan balzamı əlavə edilmiş orta mineralizasiyalı (92 q/l adi su ilə 1:1 nisbətində durulaşdırılan) natrium xloridli vannalar qəbul etmişlər (t-37C° 200 litr suya 50ml naftalan balzamı əlavə edilmişdir). Vannalar qəbulu zamanı balzamın su ilə bərabər paylanması üçün 2-3 dəfə qarışdırılır, sonra massaj və müalicə gimnastikası təyin edilmişdir. II qrup xəstələr (20 nəfər) orta mineralizasiyalı natrium xloridli vannalar qəbul etmişlər (1:1 nisbətində adi su ilə durulaşdırılmış şəkildə), sonra massaj və müalicə gimnastikası təyin edilmişdir.

Osteoartrozlu xəstələrdə həyat keyfiyyətinin öyrənilməsi kliniki tədqiqatların əsasını təşkil etmişdir. Həyat keyfiyyəti anlayışı xəstələrin öz fiziki, psixi və sosial vəziyyətlərinin qiymətləndirilməsidir. Dayaq-hərəkət aparatının funksional pozğunluğunun və xəstəliyin xroniki gedişatını nəzərə alaraq, həyat keyfiyyətinin təyin edilməsi belə xəstələrdə xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar xəstələrin həyat tərzində, onların fiziki və emosional vəziyyətlərində əks olunur.

Osteoartrozlu xəstələrin həyat keyfiyyəti göstəricilərinin qiymətləndirilməsi üçün 8 şkalalı SF-36 (Ware J.E., 1993) kriteriyasından istifadə olunmuşdur. SF-36 şkalasına əsasən fiziki funksionallıq I qrup üzrə 33±4,5; II qrup üzrə 25±3,0; Fiziki fəaliyyət I qrup üzrə 45 5,1; II qrup üzrə 38±3,9; Ağrının intensivliyi I qrup üzrə 42±3,0; II  qrup üzrə 33±3,1; Ümumi vəziyyət I qrupda 45±5,1; II qrupda 38±4,5; Həyat qabiliyyəti I qrupda 42±3,2; II qrupda 40±4,2; Sosial funksiya I qrupda 47±6,7; II qrupda 42±4,0; Emosional vəziyyət I qrupda 43±5,7; II qrupda 41±4,1; Psixi sağlamlıq I qrup üzrə 49±5,8; II qrup üzrə 45±5,0 qeydə alınmışdır.

Şkalanın yüksək göstəriciləri səhhətin daha çox yaxşılaşmasına dəlalət edir.

Nəticə və müzakirələr
Osteoartrozlu xəstələrdə adətən həyat keyfiyyəti göstəriciləri aşağı səviyyədə olur. Tətbiq olunan müalicə üsulları nəticəsində xəstələrin vəziyyətində müsbət dinamika əldə olunmuşdur. Orqanizmin ilkin vəziyyətindən asılı olaraq xəstəliyin kliniki mənzərəsinin normallaşması müşahidə olunur. Həyat keyfiyyəti göstəriciləri: Ağrının intensivliyi, səhər əzginliyi, hərəkət məhdudluğunun azalması, dayaq-hərəkət sistemi aparatının fuksional çatışmazlığının bərpası hər 2 qrup üzrə xeyli dərəcədə yaxşılaşmışdır. Naftalan balzamı tətbiq olunan I qrup xəstələrdə müalicədən sonra alınan göstəricilərdə daha dürüst yaxşılaşma əldə olunmuşdur (p<0,05).

Beləliklə, həyat keyfiyyəti göstəriciləri xəstənin fiziki, psixoloji və sosial aktivliyi haqqında əlavə məlumat almağa şərait yaradır ki, bu da oynaqların uzun müddətli davam edən xroniki xəstəliklərinin sanator-kurort müalicəsində mühüm əhəmiyyət kəsb edir. Buradan belə nəticəyə gəlmək olar ki tətbiq olunan yeni müalicə üsulu osteoartrozun müalicəsində patogenetik əhəmiyyət kəsb edərək, remissiya dövrünün uzanması və bununla da əmək qabiliyyətinin bərpa olunmasına şərait yaradacaqdır.

E-mail: kerimsevinc@mail.ru
Tel.: (+994 50) 311-20-11