Hörmətli oxucular!
Bu gün Azərbaycan Ortopediyası və Travmatologiyası üçün önəmli bir gündür. Təsis etdiyimiz «AZƏRBAYCAN ORTOPEDİYASI – ORTHOPEDİCS OF AZERBAİJAN – ОРТОПЕДИЯ АЗЕРБАЙДЖАНА» onlayn internet jurnalının 1-cı nömrəsi dərc edildi.
Bildiyiniz kimi Azərbaycanda 10 ildən çoxdur ki Az.ETTOİ-nin təsis etdiyi “Azərbaycan Travmatologiya və Ortopediya Jurnalı” müvəffəqiyyətlə dərc edilir və sənətimizin inkişafına böyük yardım edir. Lakin XXI əsr sürətli inkişaf zamanıdır. İndi internet və ona bağlı informasiya texnologiyaları sosial həyatda və elmdə inqilabı dəyişikliklər edir. İndi insanlar lazımi məlumatları istədikləri vaxt evdə, işdə ümumiyyətlə hər yerdə və hər zaman kompüter və telefonlar vasitəsi ilə almaq istəyir. Professional Elmi dərgilər də zamanın bu yeni tələblərinə cavab verməlidir.
Oxuduğunuz jurnal da ümidvarıq ki, bu tələblərə cavab verəcək. Nəzərə alın ki, Jurnal yeni bir nəşrdir və bizim bu sahədə heç bir təcrübəmiz yoxdur. Bu nöqteyi nəzərdən əlbəttə catmamazlıqlar, qüsurlar olacaq. Ümidvarıq ki, zaman keçdikcə lazımi təcrübə qazanılacaq və jurnal daha da mükəmməl forma alacaq. Jurnal Beynəlxalq bir nəşr kimi düşünülüb və onun beynəlmiləl redaksiya heyyəti də bunu bir daha təsdiqləyir.
Jurnalın işi Sizlərdən çox asılıdır. Azərbaycan Ortopediyasının inkişafı hamımızdan – travmatoloq – ortopedlərdən asılıdır. Gördüyünüz kimi 1-ci nömrəmizdə xarici müəlliflərin yazıları üstünlük təşkil edir. Ümidvaram ki, gələcək nömrələrdə bu tendensiya dəyişəcək və yerli müəlliflərin tədqiqatları üstünlük təşkil edəcək.
Baş Redaktor,
AzTOA Prezidenti, T.e.d.
Yaşar Rəftar oğlu Cəlilov